Beş qala əzbər metodu

Mərhəmətli və Rəhmli Allahın adı ilə

Allaha həmd olsun, Peyğəmbərimizə Allahın salavatı və salamı olsun.

Bu məqaləmizdə sizə Beş Qala əzbər metodu haqqında danışmaq istərdik.

Qurani-Kərimi əzbərləməyə cəhd edən hər bir hafiz əsas bir problemlə üzləşir.

Unutmaq problemi! Təzə surələri əzbərləyirsən, əvvəlkilər yaddan çıxır.

Bu metod bu problemi kökündən həll etməyə kömək edir. Çünki Qurana hər tərəfli diqqət göstərməklə Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) vəsiyyətini yerinə yetirmiş olur.

O isə buyurmuşdur ki:

Bu Quranı çox təkrarlayın, çünki o ipi açılmış dəvələr (qaçdığından) daha tez qəlbləri tərk edir. Buxari 5032

 

Birinci qala

Oxumaq və dinləmək qalasıdı. Orijinal proqramda gündəlik 10 səhifəyə qulaq asmaq və 2 cüzü sürətlə oxumaq gəlir. Oxu xətmi 15 günə, dinləmə xətmi 60 günə tamamlanır.
Hər səhifəyə bir dəqiqə vaxt ayırmaqla iki cüzü 40 dəqiqəyə oxumaq mümkündür. Oxuyanda gözlərin də ibadətdən payı olur.
Həmçinin vizual yaddaş səhifələri gözlərinin önündə canlandırmağa kömək edir. Dinləməyin də faydası çoxdu. Tələffüzü yaxşılaşdırmaq, səs yaddaşının fəallaşması.
Oxumağa vaxt ayırmaq əslində elə də çətin deyil. Azan və iqamə arası, namazdan sonra, və s. Hər boş dəqiqəsini mushafı açıb oxusanız, görərsiz ki, əslində nə qədər Qurana ayıra biləcəyiniz vaxt var.
Dinləməni də yolda gedərkən, yaxud ev işlərini görərkən etmək olar. Lakin bilmək lazımdır ki, Quran oxunanda susub onu dinləmək lazımdır.

 

İkinci qala

Hazırlıq qalası. Əzbəri asanlaşdıran və möhkəmləndirən ən əsas amillərdəndir.
Həftəlik hazırlıq. Bu həftə ərzində, hər gün – gələn həftə əzbərlənəcək miqdarı oxumaq.
Məsələn, bu həftə 1-7 səhifələri əzbərləyirəm. Bu həftənin hər gününü 8-14 cü səhifələri oxuyuram. Beləliklə gələn həftə 8-14 səhifələri əzbərləyəndə, onlar artıq tanış gələcək, əzbəri asanlaşacaq.

Axşamdan hazırlıq. Hər axşam sabah əzbərlənməyi planlaşdırılan miqdarı 15 dəqiqə ərzində üzündən oxumaq. Bunu həmçinin təcvidlə oxuyan qaridən də dinləmək məsləhətlidir.

Əzbərdən əvvəl hazırlıq. Əzbərdən qabaq həmin miqdarı 15 dəqiqə ərzində üzündən sürətlə oxumaq.

 

Üçüncü qala

Uzaq təkrar. Quran hafizi bütün əzbərlədiklərini mütəmadi şəkildə təkrarlamasa, yadından çıxaracaq. Gələcəkdə təkrarlamaq istəsə, sanki yenidən əzbərləyir kimi çətin gələcək ona.
Ona görə orijinal proqramda hər gün əzbərlədiklərindən 40 səhifəni növbə ilə təkrarlamaq sabitdir. Buna da cəmi 40 dəqiqə vaxt kifayət edir. Çünki təkrar mütəmadi olarsa, o çox sürətli və rahat şəkildə oluna bilər.
Beləliklə, 10 cüz bilən hafiz, hər 5 gündən bir bütün əzbərlədilərini təkrarlamış olur. Ən faydalı bu təkrarı namazlarda, xüsusən də gecə namazında etməkdir.

 

Dördüncü qala

Yaxın təkrar. Ən son əzbərlədiyini 20 səhifəni gündəlik təkrarlamaq. Əgər bir səhifəni təzə əzbərləmisənsə, onu 20 gün ərzində təkrarlamaq yaddaşda möhkəmlənməsinə kömək edir.

 

Beşinci qala

Yeni əzbər. Hazırlıq, oxu, dinləmə mərhələlərindən keçən hafizə gündəlik əzbərə 15 dəqiqə ayırması kifayətdir. Əzbərləyərkən müəyyən qaydalara fikir verin və əzbərdə olan xatalardan çəkinin.

1.İxlaslı olmaq
2. Düzgün oxumaq və tələffüz etmək
3. Gündəlik əzbər miqdarını təyin etmək. Elə bir miqdar seçmək lazımdır ki, onu 30 dəqiqəyə əzbərləyə biləsən və bunda davamiyyətli olasan. Az olsa da daimi olan, çox olub qısa müddətli olandan daha yaxşıdı.
4. Tam əzbərləməmiş təzəsinə keçməmək.
5. Eyni mushafdan əzbərləmək
6. Əzbərlədiklərini başa düşmək. Söz-bə-söz tərcümədən istifadə etmək, yaxud təfsiri oxumaq çox faydalı olar.
7. Səhifələrin axırını və başlığını, bir biri ilə əlaqələndirmək. Məsələn, hər dəfə səhifənin axırına çatanda, o biri səhifənin ilk sözlərini də təkrarlarmaq.
8. Günahlardan çəkinmək.
9. Dünyaya çox bağlanmamaq.

 

Yuxarıdakı proqram ən geniş formasında gündəlik 2-3 saat vaxt tələb edir. Əzbərə yeni başlayan, oxu sürəti yavaş olan, uşaqları, məşğul adamları nəzərə alaraq proqramı bir az dəyişib hər bir hafizin tələbatına uyğun olmasını istədik.

1 responses on "Beş qala əzbər metodu"

  1. Salam aleykum rehmetullahu ve bereketuhu

Leave a Message