Yəqin ki, əksəriyyətiniz filan hədisin isnadı səhihdir , həsəndir, filan hədis zəifdir və s. sözləri eşitmisiniz, bəs bilirsiniz bu nə deməkdir? Hədisin isnadı bizim nəyimizə lazımdır? Ümumiyyətlə isnad nə deməkdir?
Islam dini bizə 2 vəhylə çatmışdır: Quran və Sünnə.
Bu ikisindən birini təkzib edən, dindən çıxmış və kafir olmuş olar.
Sünnənin (yəni peyğəmbərimizin dediklərinin) Allahın vəhyi olduğuna Qurandan dəlil:
وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ
O, öz istəyi ilə danışmır,
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
Bu ona təlqin edilən vəhydir(Ən-Nəcm;3,4)
Buna görə də Sünnəyə iman gətirmək, Qurana (Qurandakı ayəyə) iman gətirməkdir. Peyğəmbərimizə(sallallahu aleyhi və səlləm)itaət etmək, Allaha itaət etməkdir. Dəlil:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ
Ey iman gətirənlər, Allaha və Peyğəmbərə itaət edin!(Nisə:59)
قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
(Ey peyğəmbər!) De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir”.
(Əli-İmran;31)
Deyirəm ki, ay qızım, get bacına de ki, qapını bağlasın, qızım da gedib bacısına deyir ki:
Anam mənə dedi ki, qapını bağla.
Bu cümlədə "anam mənə dedi" bu məlumatın isnadıdır.
"Qapını bağla " isə məlumatın mətnidir.
Beləliklə, isnad:
məlumatın mənbəyinə (sahibinə) çatana qədər,mövcud ravilərin (rəvayət edənlərin) silsiləsidir (siyahısıdır).
ALLAH Quranda buyurur ki:
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
Şübhəsiz ki, Zikri(Quranı) Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq! (Hicr;9)
Təfsir alimləri zikr dedikdə, Quran nəzərdə tutulduğuna dair ittifaq ediblər.Ancaq Quranı qorumaq üçün hədis elminin əmələ gəlməsi vacib olub. Quranı qorumaq Sünnəni qorumaqla mümkündür. Bu səbəblə də səhabələr Rasulullahın (sallallahu aleyhi və səlləm)hər əmrinə , hər sözünə, hər etdiyinə qarşı olduqca həssas olublar.
Muğira bin Şubədən Buxari və Muslimdə rəvayət olunan hədisdə Rasulullah (sallallahu aleyhi və səlləm) buyurur ki,
إن كذباً عليّ ليس ككذب على أحد، فمن كذب عليَّ متعمداً فليتبوأ مقعده من النار
Mənim adımdan yalan danışmaq , başqasının adından yalan danışmaq kimi deyil, kim mənim adımdan yalan danışarsa, cəhənnəmdə yerini hazır bilsin."
Bu hədisi 60dan çox səhabə heç bir fərq olmadan, tamamilə eyni mətndə rəvayət edib.
Rasulullah(sallallahu aleyhi və səlləm) bu hədisi ilə səhabələrinə xəbərdarlıq etməyib, onlar onsuz da Rasulullahı (sallallahu aleyhi və səlləm) anbaan izləyib, hər addımını təkrar edirdilər. Rasulullah (sallallahu aleyhi və səlləm) bu hədisilə sonradan gələnləri xəbərdar edib. Təəsüf ki, hazırda internet uydurma məlumatlarla doludur. Hazırda insanlar etdiyi əməllərin təhlükəsinin fərqində deyillər.İndi insanların bir çoxu hər gördüyü , eşitdiyi məlumatı, tanıdığı, tanımadığı, az tanıdığı adamlardan, dəvətçilərdən əldə etdiyi islami biliyi, aqibəti barədə zərrə qədər düşünmədən paylaşırlar.
Halbuki peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bizə hər eşitdiyini danışmaq insana yalan olaraq bəs edər, buyurub.
Nə isə, mövzudan çox da uzaqlaşmayaq...
İndi gəlin səbahələrin hədisə qarşı olan həssaslığının bir nümunəsinə baxaq:
Əbu Səid əl-Xudridən (radiyallahu anhu) rəvayət olunur:
Bir dəfə Ömərin yanında səhabələr toplanmışdı, Əbu Musa əl-Əşari (radiyallahu anhu) daxil olmaq üçün 3 dəfə icazə istədi, cavab ala bilmədikdə çıxıb getdi, bir azdan yenidən qayıtdıqda, Ömər (radiyallahu anhu) ona getmə səbəbini soruşdu, Əbu Musa (radiyallahu anhu) dedi: 3 dəfə icazə istədim, cavab gəlmədi. Mən Rasulullahın (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: "sizdən biriniz 3 dəfə icazə istədikdə cavab verilməsə, çıxıb getsin." Ömər (radiyallahu anhu) bu hədisə şahid gətirməyini istədi, Əbu Səid əl-Xudri( radiyallahu anhu)ona şahidlik etdi.
.....
Bu Buxari və Muslimdə rəvayət olunan hədisin xülasəssidir.
Görün burda nə qədər böyük ibrətlər var:
1. Səhabə Əbu Musa Əl-Əşari (radiyallahu anhu) o zikr məclisinə daxil olmaq istəyir və 3 dəfə cavab gəlməyəndə 4cü dəfə izn istəmir, gedir , gözləyir , bir də gəlir. Hədisə əməl edir, öz nəfsi istəyinə deyil.
2. Ömər (radiyallahu anhu ) belə eşitsə, başqa bir səhabə şahidlik etmədikcə hədisi qəbul etmir.
3. Ömər (radiyallahu anhu)belə bir mühim məsələni bilmədiyi üçün hüznlənir və onu öyrənmək və dəqiqləşdirmək üçün əlindən gələni edir. Ta ki, sünnənin hər birini həyatına tətbiq edə bilsin.
Ömər (radiyallahu anhu) Əbu Musa Əl -Əşarinin (radiyallahu anhu)dediyi hədisi dinlədi və tam dəqiqləşdirmək üçün 2-ci şahid tələb etdi. Və hədisi qəbul etdi.
Lakin səhabələrin sonrakı dövrlərdəki insanların rəvayət etdikləri hədislərə qarşı münasibəti lap fərqli idi :
فقال ابن عباس : إنا كنا مرة إذا سمعنا رجلا يقول : قال رسول الله - صلى الله عليه وسلم - ابتدرته أبصارنا ، وأصغينا إليه بآذاننا ، فلما ركب الناس الصعب والذلول ، لم نأخذ من الناس إلا ما نعرف
İbn Abbas(radiyallahu anhu)deyir: Biz əvvəllər kimsə "Rasulullah (sallallahu aleyhi və səlləm) demişdir" dedikdə, gözlərimizi bərəldər, qulaqlarımızı şəkləyib dinləyərdik, lakin fərqli insanlar meydana çıxdıqdan sonra biz ancaq tanıdığımız insanlardan hədis qəbul etməyə başladıq.
Qeyd:Maraqlananlar üçün qeyd edim ki , İbn Abbasın (radiyallahu anhu) sözündəki "fələmmə rakibən-nəsus-saabə vəz-zəlulə" ifadəsi məsəldir. Hərfi tərcüməsi belədir: O zaman ki, insanlar həm çılğın, həm də sakit dəvəni minməyə başladılar..
Yəni insanların halları dəyişdi, ravilərin doğruluğuna ehtimam etməməyə başladılar.