Təharət
Lüğəvi cəhətdən: aydınlıq, təmizlik deməkdir.
Şəri cəhətdən: hədəsi və nəcasəti aradan qaldırmaq mənasındadır
Hədislərdə təharət dedikdə, lüğəvi mənası deyil, şəri mənası nəzərdə tutulur, yəni, təharət dedikdə ümumi təmizlik yox, hədəsin və ya nəcasətin arasan qalxması nəzərdə tutulur.
Ərəbcə "hədəs" dedikdə, dəstəmazsız və ya qüslsüz olmaq nəzərdə tutulur. Kiçik hədəs dedikdə dəstəmazsız, böyük hədəs dedikdə isə qüslsüz olmaq nəzərdə tutulur. Hədəsdən təharət , yəni hədəsi aradan qaldırmaq namazın şərtidir. Bunun üçün sudan , su tapılmadıqda isə təyəmmüm üçün torpaqdan istifadə olunur. Sular cumhur alimlərinin rəyinə əsasən (yəni fiqh alimlərinin əksəriyyətinə görə) 3 qismə ayrılır:
1. Tahur
2. Tahir
3. Nəcis
Hədəsdən təmizlik "tahur" su ilə olur. Tahur yəni dəyişikliyə uğramamış, təmiz olan və təmizləyən sudur. Buna yağış, dəniz, çay , bulaq, quyu suları, ərimiş qar suyu və s. sular aiddir.
"Tahir" isə dəyişikliyə uğramış, təmiz,lakin təmizləməyən mayedir, məsələn, meyvə şirəsi, kompot, sirkə, çay və s. Bunla dəstəmaz almaq icazəli deyil.
Ancaq əgər əsli dəyişməmiş, lakin ətrafdakı amillərdən təsirlənmiş su isə tahur sayılır, dəstəmaz üçün yararlıdır. Buna ətrafdakı hər hansı bir qoxunun, tüstünün nüfuz etdiyi və ya duz əlavə olunmuş suyu misal göstərmək olar. Çünki bu su öz əsl halında qalmaqdadır
Bu cür su ilə , həmçinin nəcis yandırılaraq qızdırılmış su ilə dəstəmaz almaq məkruhdur (bəyənilmir) lakin icazəlidir.
Boyat su ilə dəstəmaz almaq Cumhur alimlərinin rəyinə əsasən icazəlidir.
Günəş altında qızdırılmış su ilə dəstəmaz almaq isə icazəlidir, məkruh deyildir.
Başqasının dəstəmaz suyu ilə dəstəmaz almağın hökmü:
1. Hədəsdən təharət üçün istifadə edilmiş su ilə təkrar dəstəmaz almaq icazəli deyil.
2. Dəstəmazlı bir insanın yenidən dəstəmaz alması üçün istifadə etdiyi sudan başqasının təkrar dəstəmaz alması icazəlidir.
Çünki birinci halda hədəs aradan qaldırılıb, ikinci halda isə hədəs olmayıb.
Nəcis qarışmış suyun hökmü:
Az suya qarışarsa:
1. Dadı, iyi , rəngi dəyişsə, bu su nəcisdir.
2. Dadı, iyi , rəngi dəyişməsə, bu suyun hökmündə ixtilaf var, İmam Əbu Hanifə, İmam Şafii və İmam Əhmədə görə bu suyun hökmü nəcisdir.
2 qullə -qulləteyn ( 160.5 litr) suya qarışarsa:
1. Dadı, iyi , rəngi dəyişsə, bu su nəcisdir.
2. Dadı, iyi , rəngi dəyişməsə, bu suyun hökmü tahurdur. Dəstəmaz almaq üçün yararlıdır.
Qullə - iri tutumlu saxsı qablara deyilir. İki qullə su minimum 160.5 litr sudur
Fiqh kitablarında ən birinci bölmə "təharət" bölməsidir. Çünki o namazın şərtlərindən biridir. Lakin ən əsas şərti deyil, namazın ən əsas şərti "vaxtdır. Çünki namazı vaxtımdan şəri üzr olmadan gecikdirmək olmaz. Şəri üzr isə, yatmaq və unutmaqdan ibadətdir
Ancaq kim bu hallardan birində olmazsa, o namazı vaxtında qılmalıdır. İstər xəstə olsun, istər səfərdə olsun, namazı vaxtını ötürə bilməz.
Lakin bəzi istisna hallar vardır ki, bu hallarda heç bir şey etmək mümkün deyil. Məsələn, döyüşün qızışdığı vaxt. Belə hallarda namazın vaxtını gecikdirmək icazəlidir. Necə ki, Rasulullah (sallallahu aleyhi və səlləm) Xəndək döyüşündə namazın vaxtını gecikdirmişdi və demişdi:
كُنَّا مع النَّبيِّ صَلَّى اللهُ عليه وسلَّمَ يَومَ الخَنْدَقِ، فَقَالَ: مَلَأَ اللَّهُ قُبُورَهُمْ وبُيُوتَهُمْ نَارًا، كما شَغَلُونَا عن صَلَاةِ الوُسْطَى حتَّى غَابَتِ الشَّمْسُ. وهي صَلَاةُ العَصْرِ.
الراوي : علي بن أبي طالب| المحدث : البخاري | المصدر : صحيح البخاري
Əlidən (radiyallahu anhu) belə dediyi rəvayət olunur: "Biz Xəndək günü Rasulullah (sallallahu aleyhi və səlləm) ilə birlikdəydik. Və (Rasulullah) dedi: "Bizi günəş batanacan orta namazdan yayındırdıqları üçün Allah onların qəbirlərini və evlərini odla doldursun." Bu Əsr namazı idi" (Səhih Buxari)
Bu hədis ona dəlildir ki, döyüşün qızışması kimi çox böyük zəruri hallarda namazı vaxtını gecikdirmə olar, hansı ki, belə vəziyyətdə hər hansı bir əməl etməyə heç cür imkan yoxdur. Lakin başqa vəziyyətlərdə isə namazın vaxtını ötürmək qəti şəkildə icazəli deyil
Yuxarda qeyd olunan üzrlər olmadan namazını ötürən kəs, qəzasını qılmamalıdır. Qılsa da namazı qəbul olunmaz. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ
Kim bizim etmədiyimiz bir iş görərsə, o qəbul olunmaz. Rasulullah (sallallahu aleyhi və səlləm) bir namazı digərinin vaxtında qılmayıb
Namazın digər şərtləri bəzi hallarda tərk oluna bilir. Təharət təyəmmümlə əvəz edilə bilir, bəzən qibləyə çevrilmədən namaz qılınır, bəzən övrət zərurətdən örtülmədən namaz qılınır. Amma vaxt yuxarıda qeyd etdiyimiz çox zəruri hallar olmadıqca heç vaxt ötürülmür.
Fiqhdə ilk bölmənin Təharət olmasının səbəbləri:
1. Peyğəmbərimizin sünnəsinə riayət:
مفتاح الصلاة الطهور
"Namazın açarı təharətdir." ( Əbu Davud; 61)
2. Namazın şərti olmasıilə yanaşı, təharətə aid olan məsələlərin çoxluğu.
Suların vəsfi:
1. Təmiz (Tahur -ماء طهور)
2. Murdar su ( Təmiz olmayan su-ماء نجس)
Suların mənbəsi: bulaq suyu, çay suyu, dəniz suyu, yağış suyu, quyu suyu, artezian suyu və s.
عن أبي هريرة رضي الله عنه أنه قال: سألَ رجلٌ رسولَ اللهِ صلَّى اللهُ عليهِ وسلَّمَ فقال يا رسولَ اللهِ إنَّا نركبُ البحرَ ونحملُ معَنا القليلَ مِنَ الماءِ فإنْ توضأْنا بِهِ عطِشْنا أفنتوضأُ بماءِ البحرِ فقال رسولُ اللهِ صلَّى اللهُ عليهِ وسلَّمَ هوَ الطهورُ ماؤُهُ الحلُّ ميتتُهُ (أخرجه الأربعة، وابن أبي شيبة، وصححه ابن خزيمة والترمزي. والحديث صححه البخاري، والترمزي، وابن خزيمة، وابن حبان،وابن عبد البر، وغيرهم)
Əbu Hureyrədən belə dediyi rəvayət olunur: "Bir kişi Rasulullahdan (sallallahu aleyhi və səlləm) soruşdu: Biz dənizə açılırıq və özümüzlə içməyə azca su götürürük, onunla dəstəmaz alsaq, içməli susuz qalarıq, dəniz suyu ilə dəstəmaz ala bilərikmi?" Rasulullah (sallallahu aleyhi və səlləm) dedi: " Dənizin suyu təmiz (tahur), ölüsü halaldır. ( 4 sünən sahibi; Əbu Davud, Nəsai, Tirmizi, İbn Macə, rəvayət edib, İbn Xuzeymə və Tirmizi hədisi səhihləşdirib. Hədisi onlardan əlavə İmam Buxari, İbn Hibban, İbn Abdil-Bərr və başqaları da səhihləşdirib)
الطَّهور - tahur
Ta hərfi fəthə ilə yazıldıqda təmizləyən (su) mənasındadır.
الطُّهور -tuhur
Təmizlənmə deməkdir.
Bu hədisə görə yalnız suda yaşayan (suyun sakini olan) heyvanlardan istər suyun içində, istərsə də sudan kənarda ölənlər müsəlmanlara halaldır.
Hədisdən əldə olunan faydalar:
1. Bu hədis təharət fəslinin əsası sayılır.
2.Dəniz suyu tahurdur, onunla dəstəmaz almaq olar.
3. Axar suyun xarici amillərə toxunmaq səbəbi ilə keyfiyyəti dəyişsə belə , o təmiz su olaraq qalır. Məsələn, dəniz suyu duzludur, bulanlıqdır , lakin təmizdir. Axar olmayan suda isə vəziyyət fərqlidir. Axar olmayan , yəni durğun suyun adı dəyişərsə, onunla dəstəmaz almaq olmaz. Məsələn, çayla, kompotla dəstəmaz almaq olmaz. Lakin adı dəyişməzsə olar. Sunən Əbu Davudda rəvayət olunan hədisdə Rəsulullahın (sallallahu aleyhi və səlləm) xamırlı ləyəndəki su ilə dəstəmaz alması buna dəlildir. Çünki kompotta su başqa bir şeylə qarışıb, lakin xamırlı ləyəndəki su qarışmayıb. Sadəcə ona toxunaraq az miqdarda nisbətən dəyişib.
4. Sular 2 yerə bölünür. Tahur və nəcisli. Öz əslini dəyişmiş sular isə su sayılmır. Su murdar deyilsə, deməli tahurdur.
5. Digər ölü heyvanlardan fərqli olaraq ölü dəniz heyvanlarının əti halaldır.
6. Rəsulullahın (sallallahu aleyhi və səlləm) səhabəyə cavabı ən gözəl təfsilatlı cavabdır. Bir cümləsi ilə bütün mövzuya tam aydın cavab verib.
Su ilə nəcasətin qarışmasının 3 halı var:
1. Çox miqdarda suya nəcasət qarışıb, suyun keyfiyyətində heç bir dəyişiklik etməsə. Alimlərin icmasına görə bu suyun hökmü tahurdur.
2. İstər az su olsun, istərsə də çox su, nəcasət qarışdıqdan sonra iyi, dadı və ya rəngi dəyişərsə, alimlərin icmasına görə bu suyun hökmü murdardır.
3. Az suya nəcasət qarışdıqdan sonra keyfiyyəti dəyişməzsə. Bu məsələdə alimlərin 2 müxtəlif rəyi var:
Birinci rəy: Keyfiyyəti dəyişməsə belə az suya nəcasət qarışdıqda murdar sayılır. Bu, cumhur (Hənəfi, Şafii və Hənbəli) alimlərinin rəyidir. Dəlilləri isə çoxdur. Məsələn:
حديث ابن عمر رضي الله عنها ان النبي صلى الله عليه وسلم سئل عن الماء وما ينوبه من الدواب والسباع، فقال: (إذا كان الماء قلتين لم يحمل الخبث)
İbn Ömərdən (radıyəllahu anhu) rəvayət olunan hədisdə Rəsulullahdan (sallallahu aleyhi və səlləm) evcil və yırtıcı heyvanların toxunduğu su hövzəsi barədə soruşulur: o isə belə cavab verir: "Əgər suyun miqdarı iki qüllədirsə, nəcasət ona xələl yetirməz."
Bu hədisdən belə nəticəyə bəliblər ki, 2 qullədən az suya nəcis qarışarsa murdar sayılır, 2 qullə və dah a çox suya qarışdıqda keyfiyyəti pozulmasa o zaman nəcis sayılmır.
İkinci rəy: Su keyfiyyətini dəyişmədiyi və birbaşa nəcislə təmasda olmadığı müddətcə murdar sayılmır. İstər az miqdarda istərsə də çox miqdarda su olsun.
Bu Maliki məzhəb alimlərinin, İmam Əhmədin, İbn Teymiyyənin, İbn Qayyimin, Muhamməd bin AbdulVahhabın, İbn Bazın, İbn Useyminin rəyidir.
Dəlilləri isə Əbu Səid Əl-Xudridən rəvayət olunan bu hədisdir: "Su tahurdur, onu heç nə murdarlamaz." Bu hədisdən belə nəticə çıxır ki, suyun əsli tahurdur, nəcasəti təmizləyir. Əgər ona nəcasət qarışıb keyfiyyətini (əslini) dəyişməzsə və ya yəqinliklə murdarlandığı aşkar olmazsa tahurdur.
Cumhurun rəyinə cavabları isə belədir:
Rəsulullahın (sallallahu aleyhi və səlləm) "əgər suyun miqdarı iki qüllədirsə, nəcasət ona xələl yetirməz" cavabı nəcasət qarışıb keyfiyyətini dəyişmədiyi suyun tahur olmasına dəlildir. Çünki peyğəmbər suyun çox olduğunu və bu səbəblə də suda nəcasətin təsir etmədiyini qeyd edir. Şübhəsiz ki, istər az miqdarda istərsə də çox miqdarda suya nəcis qarışıb keyfiyyətini dəyişsə , alimlərin icmasına görə o su murdar sayılır. Deməli, dəlil gətirilən hədisdə diqqət edilməli məsələ, nəcasətin suya xələl gətirib, gətirməməsidir. Ona görə də, istər çox miqdarda suya, istərsə də az miqdarda suya nəcasət qarışıb keyfiyyətini dəyişməzsə o su tahur sayılır. Allah isə ən doğru olanı bilir.
عن أبي هريرة -رضي الله عنه- قال:قال رسول الله -صلى الله عليه وسلم- طهورُ إناءِ أحدكُم إذا ولغَ فيهِ الكلبُ أن يغسلهُ سبعَ مراتٍ أولاهنّ بالترابِ-أخرجه مسلم
Əbu Hureyrədən (radıyəllahu anhu) belə dediyi rəvayət olunur: Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir: Sizdən birinin qabını it yaladıqda onun təmizlənməsi birincisi torpaq olmaqla 7 dəfə yuyulmağıdır." (Səhih Muslim)
Cumhurun rəyinə görə tuhur sözünün şəri mənası hədəsi və nəcasəti aradan qaldırmaqdırvə hədislərdə də sözlərin leksik mənası deyil, şəri mənası əsas götürülür. Hədisdə tuhur kəlməsi istifadə olunur. Deməli, itin ağzının suyu nəcasətdir. Bu nəcasətdən təmizlənmə üçün birincisi torpaqla olmaq şərtilə yeddi dəfə yumaq lazımdır.
İmam Malikin rəyinə əsasən itin ağız suyu nəcasət deyil, belə etməyə əmr olunduğumuz üçün 7 dəfə yuyuruq. Çünki Allah ov itinin ağzının dəydiyi yeri 7 dəfə yumağı əmr etməyib. Və islamda nəcasət 7 dəfə deyil, 3 dəfə yuyulur.
İtin bədənin digər yerləri nəcasətdirmi?
Yaş tüpürcək olan hissəsi nəcasət sayılır, quru olan hissəsi isə təmiz sayılır.